Uşaq Sümük İliyi Nəqli Məntəqəsi

Bölmə Haqqında

Bölmə haqqında

Qan xəstəlikləri uşaqlıq dövründə insan sağlamlığına təhlükə yaradan ən ciddi xəstəliklərdəndir. Bunun nəticəsidir ki, Türkiyədə hər il minlərlə uşağa qan xərçəngi diaqnozu qoyulur. Uşaq sümük iliyi köçürülməsi də bu istiqamətdə də çox əhəmiyyət kəsb edir. Başda leykozlu xəstələr olmaqla sümük iliyi köçürülməsini labüd əsdirən qan xəstəliklərinin uğurla müalicə olunması üçün erkən diaqnozun qoyulması və düzgün müalicənin aparılması böyük əhəmiyyət kəsb edir.

Uşaqlıq dövründə rast gəlinən qan xəstəliklərinin müalicəsində və uşaqlara sümük iliyi köçürülməsində müvəffəqiyyət əldə etməyin ən səmərəli yolu – xəstələrin infrastruktur cəhətdən tam təchizatlı və xidmət keyfiyyəti ilə üstünlüyə malik mərkəzlərdə müalicə olunmalarıdır. Bu məqsədlə qurulan Memorial Ankara Xəstəxanasının Uşaq Sümük İliyi Köçürülməsi Şöbəsi, uşaqlara Sosial Müdafiə Qurumu (SMQ) zəmanəti və yüksək səviyyəli diaqnoz kimi müalicə imkanları ilə xidmət edir.

Kök hüceyrə nədir?

Kök hüceyrə bədəndəki digər hüceyrələrə çevirmək qabiliyyətini göstərən qabaqcıl hüceyrələrə verilən xüsusi bir addır. Bu hüceyrələr:

  • özlərinə uyğun olan mühitə yerləşirlər;
  • çoxalma qabiliyyətlərinə malikdirlər;
  • digər növ hüceyrələrə çevrilə bilər və çevriləndən sonra belə hüceyrələr kimi çoxala bilər;
  • özlərini bərpa edə bilər və ya hüceyrə yığınlarının davamlılığını təmin edə bilərlər;
  • bədəndə baş verən zədələri bərpaetmə və yenidən fəaliyyət qabiliyyətinə malikdir.

“Qanyaradıcı” (“Hematopoetik”) kök hüceyrələr ən çox istifadə olunan kök hüceyrələrdir və ən çox qanların müalicəsində istifadə olunurlar.

 

Uşaqlarda “hematopoetik” kök hüceyrə köçürülməsi (sümük iliyi köçürülməsi) nədir?

“Qanyaradıcı” kök hüceyrə köçürülməsi üzrə müalicə metoduna “sümük iliyi köçürülməsi” deyilir. Uşaq sümük iliyi transplantasiyasının müalicəsi zamanı müxtəlif mənbələrdən əldə edilən “hematopoetik” – “qanyaradıcı” kök hüceyrələr müxtəlif səbəblərlə ehtiyacı olan xəstələrə qan köçürülməsinə oxşar şəkildə verilir.

 

“Qanyaradıcı” kök hüceyrələr necə əldə edilir?

Uşaqlarda sümük iliyi transplantasiyası üçün istifadə olunan hüceyrələr üç müxtəlif mənbədən əldə edilə bilər:

  • sümük iliyindən;
  • damarlardakı qan dövranından (periferik qan);
  • yeni doğulmuş uşağın göbək ciyəsindən (bağından) alınan qandan.
  • Sümük iliyindən əldə edilən kök hüceyrələri daha az istifadə olunur, onu periferik kök hüceyrələr əvəz edir.

 

Sümük iliyinin kök hüceyrəsi necə əldə edilir?

Sümük iliyi sümüklərin daxilindəki süngərəbənzər boşluqların içərisində yerləşir. Sümük iliyi qanın daxilində qanaxmanı dayandıran trombositlərin, immunitet sistemi üçün lazım olan leykositlərin (ağ qan hüceyrələrinin) və bədənin hər tərəfinə oksigeni nəql edən eritrositlərin (qırmızı qan hüceyrələrinin) yaradılmasına xidmət edir.

Sümük iliyinin ən çox yayılmış sahəsi insan orqanının pelvis (ləyən) sümüyüdür. Transplantasiya üçün sümük iliyinin donordan alınması ümumi anesteziya üsulu ilə və steril bir mühitdə həyata keçirilir. Beləliklə, donorun ağrısının qarşısı alınır. Sümük iliyinin yığılmasından sonra 24 saat müşahidə altında saxlanılan donor evə buraxıla bilər. Sümük iliyinin yığılması üçün xüsusi iynələr istifadə oluna bilər. Bu iynələr sıx tərkibli iliyin çıxarılmasına imkan verir.

Yığılan iliyin daxilindəki yağ və kiçik sümük parçalarını ayırmaq üçün iliklər xüsusi filtrlərdən keçirilir. Dərhal istifadə edilmirsə, xüsusi mayelərin daxilinə qoyulur və dondurulur. Istifadə olunma vaxtı həll edilir və qanverməyə oxşar şəkildə bədənə daxil edilir. Xəstənin bədəninə daxil olan bu qan kök hüceyrələri sümük iliyinə yerləşir və ümumiyyətlə, 2–4 həftə ərzində qan hüceyrələri yaratmağa başlayır.

 

Periferik qandan kök hüceyrəsi necə əldə olunur?

Normal halda damarlarda qan dövranı zamanı damarlardakı kök hüceyrələrin miqdarı az olur. Bu səbəblə donorlardan kök hüceyrə alınmasından əvvəl onun miqdarını artırmaq üçün dərmanlardan istifadə edirlər. Bu dərmanlara “böyümə faktorları” deyilir. Beləliklə, sümük iliyində kök hüceyrələrin çoxalması və qana qarışması sürətlənir. Periferik kök hüceyrələr donor qanından xüsusi qurğularla ayrılır. Kök hüceyrələrinin seçildiyi qan həmin şəxsə geri köçürülür. Bu proses təxminən 4–6 saat müddətində davam edir. Nə qədər kök hüceyrə lazım olmasından asılı olaraq, proses gündə bir neçə dəfə təkrarlanmalıdır. “Autoloq transplantasiy”a adlandırılan proses zamanı periferik kök hüceyrə donoru xəstənin özüdür. Toplanan kök hüceyrələr xüsusi kisələrə qəbul edildikdən sonra istifadə olunana qədər dondurulur. Istifadə olunma vaxtı həll edilir və qan köçürməyə oxşar şəkildə bədənə daxil edilir.  Xəstənin bədəninə daxil olan bu qan kök hüceyrələri sümük iliyinə yerləşir. Bu növ köçürülmə yolu ilə qan yaranması prosesi sümük iliyindəkindən daha erkən başlayır və 10–20 gün müddətində baş verir.

 

Göbək ciyəsi qanının kök hüceyrələri necə əldə edilir?

Göbək ciyəsi qanının kök hüceyrələri körpə anadan olduqdan sonra göbək ciyəsindən qan və ya plasentadan yığılır. Göbək ciyəsi qanı qanyaradıcı hüceyrələrlə daha zəngindir. Göbək ciyəsi qanı alındıqdan sonra müxtəlif analizlərdən keçirilir və lazım olduqda gələcəkdə istifadə üçün saxlanılır. Bu məqsədlə yaradılmış saxlama bölmələrinə “göbək qanı bankası” deyilir. Lazım olduqda, həkimlər bu bankalara müraciət edərək uyğun bir toxuma qrupu tapmaq üçün axtarış aparırlar. Bu şərtlərə uyğun bir göbək ciyəsi qanı varsa, köçürmə prosesi digər üsullara oxşar şəkildə həyata keçirilir.

 

Kimlərə göbək ciyəsi qanı köçürülə bilər?

Göbək ciyəsi qanında məhdud sayda kök hüceyrə olduğu üçün əksəriyyəti uşaqlara köçürülür. Bəzən iki və ya daha çox göbək ciyəsi qanı daha ağır bədən çəkilərinə malik insanlara transplantasiya edilə bilər. İdeal kök hüceyrə mənbəyi toxuma qrupları baxımından uyğun gələnlər hesab edilir. Bununla yanaşı, göbək ciyəsi qanı ilə aparılan köçürülmə zamanı daha az uyğunluq olsa belə, transplantasiya yerinə yetirilə bilər. Xüsusilə nadir bir toxuma qrupuna malik olan insanlar üçün bu seçim mümkün ola bilər. Göbək ciyəsi qanı dərhal istifadə üçün xüsusi şəraitdə qablaşdırılmış şəkildə hazır saxlanılır. Bu səbəbdən transplantasiya mərkəzinə 2 həftədən az müddətdə çatdırılır. Ancaq qohum olmayan kök hüceyrə donorunun tapılması 2 ay və ya daha çox müddət çəkə bilər. Təcili transplantasiya tələb olunduqda göbək ciyəsi qanına üstünlük verilir. “Graft Versus Host” xəstəliyi transplantasiyadan sonra xəstələrdə müşahidə oluna bilən bir əlavə təsirdir və göbək ciyəsi qanı ilə aparılan köçürülmələrdə nadir hallarda və daha yavaş müşahidə edilir. Ancaq göbək ciyəsi qanındakı kök hüceyrə sayının az olması, yeni qan hüceyrələrinin formalaşması üçün keçən müddətin çox olması, xəstəyə təkrar nəql edilməsi lazım olduğu halda ehtiyatının çatışmaması göbək ciyəsi qanının daha az üstünlük verilən kök hüceyrə mənbəyi olmasına gətirib çıxarmaqdadır. Son nəticədə hansı kök hüceyrə mənbəyinin ən uyğun variant olduğu barədə qərarın transplantasiya həkiminin qəbul etməsi lazımdır.

 

Allogenik kök hüceyrə köçürülməsi nədir?

Bu kök hüceyrə transplantasiyasında kök hüceyrələr xəstənin özü deyil, başqa bir mənbədən əldə edilir. Üstünlük verilən HLA toxuma qrupu, qardaş, bacı və ya qohumdan uyğun gələnin transplantasiyasıdır. Əks təqdirdə alternativ donorlardan köçürmə ehtimalı nəzərə alınmalıdır. Bu məqsədlə HLA qohum olmayan sümük iliyi donorlarının yoxlanması aparılır. Bu insanlara sümük iliyi (kök hüceyrə) donorları deyilir. Əgər qohum olmayan donor yoxdursa, qohum olmayan göbək ciyəsi qanı axtarılır. Bütün bu mənbələr istehlak edildikdə, alternativ kök hüceyrə mənbəyi kimi ailə daxilində HLA uyğun olmayan və ya haploidentik kök hüceyrə transplantasiyası aparıla bilər. Bu gün mövcud olan elmi proses bu şəkildə olmalıdır.

Allogenik kök hüceyrə transplantasiyası zamanı donor kök hüceyrələri xəstənin bədənində öz immun hüceyrələrini yaradır. Bu isə, kimyaterapiya aparılmasına baxmayaraq, xəstənin bədənində qalan xərçəng hüceyrələrini bədəndən çıxarmağa kömək edə bilər. Digər bir üstünlük isə kök hüceyrələrin bu cür köçürülməsində daha çox kök hüceyrə ilə əməliyyat aparılmasıdır. Həmçinin donorlar sağlam olduğundan, köçürülən kök hüceyrələrində xərçəng hüceyrələrin olması ehtimalı yoxdur.

Lakin allogenik kök hüceyrə köçürülməsində baş verə biləcək bir sıra problemlər var. Bu problemlərdən birincisi qreft (toxuma) çatışmazlığı adlandırırlar. Transplantasiya edilmiş hüceyrələr, xəstənin sümük iliyinə yerləşdirilməzdən əvvəl qəbul edənin bədəni tərəfindən məhv edilə bilər. Digər bir problem donorun immunitet hüceyrələrinin xəstənin bədəninə hücum etmək ehtimalıdır. Bu vəziyyət “Graft Versus Host” xəstəliyi adlanır. Bundan əlavə, köçürülməyə hazırlıq üçün istifadə edilən dərman vasitələri və kök hüceyrənin rədd edilməsinin qarşısını almaq üçün köçürülən preparatlar xəstənin immun sisteminə təzyiq göstərir və xüsusilə də xəstənin bədənində olan bəzi amillər ciddi infeksiyaya səbəb ola bilər.

 

Uşaqlıq dövründə ən çox hansı allogenik kök hüceyrə transplantasiyası aparılır?

Uşaqlıq dövründə bədxassəli və ya əsasən irsi xoşxassəli xəstəliklərdə allogenik transplantasiya aparılır. Bu xəstəliklərdə ən çox köçürülmə aparılan növləri aşağıdakı kimi verilə bilər:

  • Leykoz;
  • Miyelodisplastik sindrom;
  • Aplastik anemiya;
  • Paroksizmal ləngiməli hemoqlobinuriya;
  • Fankoni aplastik anemiyası;
  • Talassemiya;
  • Sıx hüceyrə anemiyası;
  • Ağır birləşmiş immun çatışmazlığı;
  • Viskot-Oldriç sindromu;
  • Hemofaqositar limfoqistiositoz;
  • Kostmann xəstəliyi;
  • Xroniki qranulematoz xəstəliyi;
  • Osteopetroz;
  • Mukopolisaxaridoz;
  • Adrenoleykodistrofiya;
  • Metaxromatik leykodistrofiya (MLD) ;
  • Qloboid hüceyrə leykodistrofiyası (Krabbe)
  • Volman xəstəliyi;
  • Mannositoz;
  • Struktur aplastik anemiyalar: Kongenit diskeratozu, Skiaxman-Diamond sindromu, Ameqakariositar trombositopeniya;
  • Diamond-Blekfan anemisyası.

Bu xəstəliklərlə bağlı ətraflı məlumat və fiziki müayinə ilə yanaşı, sümük iliyi aspirasiyası və ya biopsiya ilə diaqnoz qoyulur.

 

“Autoloq kök hüceyrə “transplantasiyası nədir?

Bu növ transplantasiyada, allogenik kök hüceyrə köçürülməsindən fərqli olaraq, kök hüceyrə mənbəyi xəstənin özüdür. Xəstəliyin növündən asılı olaraq xəstə əvvəlcə müəyyən sayda kimyaterapiya kursundan sonra xəstəliyin reqressiyası (geriləməsi) qiymətləndirilir. Bu qiymətləndirmənin ən vacib nöqtəsi pasiyentin sümük iliyində xəstəliyin olmamasıdır. Xəstəlik sümük iliyində aşkar edilməsə, xəstəyə lazım olan kök hüceyrələrin sayını artırmaq üçün səhər və axşam dərinin altından kök hüceyrə toplanmasını təmin edən dozada güclü təsirli maddəyə malik G-CSF agenti tətbiq olunur. Günaşırı qan hesablamalarının aparılması nəticəsində leykosit sayının düşdükdən sonra artmağa başladığı halda, 2–3 ml qanda CD34 pozitiv hüceyrələrin sayına baxılır. CD34 sayı müəyyən dəyərdən yüksəkdirsə, kök hüceyrələri aferez üsulu ilə yığılır.

Yığılan kök hüceyrələr xəstəyə nə vaxt köçürülür?

Kök hüceyrələri toplandıqdan sonra “autoloq kök hüceyrə” transplantasiyası dərhal aparılmır. Toplanan kök hüceyrələr müəyyən bir müddətdə DMSO adlı məhlulla qarışdırılır və dondurularaq azot sisternlərində (balonlarında) xəstəyə köçürülənə qədər saxlanılır. Bu dondurulmuş kök hüceyrələr müvafiq isti su sisternlərində həll edildikdən sonra qan köçürülməsi aparıldığı şəkildə xəstəyə köçürülür.

Kök hüceyrələr hansı üsulla yığılır?

Autoloq köçürülmə zamanı xəstənin kök hüceyrələri daha çox aferez üsulu ilə yığılır. Aferzin aparılmasını təmin etmək üçün xəstənin boynuna və ya qasıq damarına bir cüt lümen kateter yerləşdirilir. Bu kateter aferez cihazına bağlanır və kök hüceyrə toplama prosesi xəstədən başlayır. Bu proses təxminən 5–6 saat çəkir və xəstənin öz yatağında asanlıqla həyata keçirilir. Prosedura zamanı xəstə müşahidə altında olur və bütün həyati funksiyaları yaxından izlənilir. Aferezdən sonra toplanan kök hüceyrələr müəyyən əməliyyatlardan sonra azot sisternlərində dondurulmuş halda saxlanılır.

 

Kök hüceyrə köçürülməsi nə vaxt həyata keçirilir?

Xəstə xəstəliyinə görə müəyyən bir sıra kimyaterapiya kursları alır və sonra xəstəlik vəziyyəti qiymətləndirilir. Sağlamlığın tamamilə bərpası, yəni bütün xəstəlik simptomları aradan qalxarsa, kök hüceyrə köçürülməsi yerinə yetirilir. Autoloq kök hüceyrə transplantasiyasındakı əsas məntiq, yüksək dozada kimyaterapiya ilə xəstəliyin tamamilə və bir dənə də olsun bədxassəli şiş hüceyrəsi qalmayana qədər aradan qaldırılmasıdır. Bunun təmin edilməsi halında, xəstəliyə görə, müalicə rejimi kimi adlandırılan kombinəedilmiş kimyaterapiya dərmanları istifadə edilir. Bu yüksək dozada kimyaterapiya nəticəsində sümük iliyində eritrosit, leykosit və trombositlər emal edilə bilməz. Bu prosesdə xəstəyə intensiv müalicə metodları tətbiq olunur.

Hazırlıq rejimi xəstəliyə əsasən seçilmiş müxtəlif kimyəvi maddələrin kombinə edilməsi kimi müəyyən edilə bilər. Xəstəyə kimyaterapiya tətbiq edilməsindən, yəni autoloq kök hüceyrə transplantasiyasından əvvəl xəstənin vəziyyəti ətraflı şəkildə qiymətləndirilməlidir. Bu zaman xəstənin böyrək və qaraciyər funksiyaları, ürək və ağciyər sağlamlığı araşdırılır, endokrin sistem, immun sistemi, göz və digər sistemlər ətraflı şəkildə qiymətləndirilir və qeydiyyata alınır. Xəstənin bol maye qəbulu dəstəkləndikdən sonra hər bir kimyaterapiya müəyyən günlərdə damarlardan tibbi qaydalara uyğun olaraq verilir. Sonra kök hüceyrələr transplantasiya edilir və həmin gün kök hüceyrə köçürülməsi gününün 0 olduğu qəbul edilir. Daha sonra intensiv müalicə tətbiq edilir. Kök hüceyrə transplantasiyasından sonra, xüsusilə ilk iki həftə, yəni sümük iliyinin tutması üçün müddət çox vacibdir.

Kök hüceyrə transplantasiyasından sonra qan məhsulları xəstənin ehtiyaclarına uyğun olaraq köçürülür. Xəstə yüksək infeksiyalara qarşı qorunur. Buna baxmayaraq, xəstələrdə yüksək temperatur ola bilər və damardan antibiotik qəbul edilməsi tələb edilə bilər. Xəstənin qidalanmasının müşahidəsi diqqətlə aparılır və dəstəklənir. Bəzi preparatlar sümük iliyi xəstəliyinin profilaktikası üçün istifadə edilə bilər. Bu prosesdə xəstənin müşahidəsi yaxından və dinamik şəkildə aparılır və müntəzəm müayinə zamanı ortaya çıxa biləcək fəsadların erkən müəyyənləşdirilməsinə çalışılır. Bundan əlavə, bu proseslərin hər mərhələsində xəstəyə sosial və psixoloji dəstək verilir.

Autoloq kök hüceyrə transplantasiyasından sonra xəstə yaxından müşahidə altında saxlanılır. Qan analizləri, xəstəlik vəziyyətini qiymətləndirmək üçün görüntülü müayinələr aparılır və bütün bədən sistemləri ətraflı araşdırılır. Müəyyən edilmiş problemlər müvafiq bölmələrin dəstəyi ilə multidisiplinar  yanaşma ilə həll olunmağa çalışılır.

 

Uşaqlıq dövründə ən şox hansı xəstəliklər üçün autoloq kök hüceyrə transplantasiyası aparılır?

Autoloq sümük iliyi transplantasiyası tətbiq edilən xəstəliklər aşağıdakılardır:

  • Kəskin mieloid leykozu;
  • Qeyri-Hodgkin limfoma;
  • Hodgkin limfoma;
  • Neyroblastoma;
  • Evinq sarkoması;
  • Medulloblastoma (baş beyin şişlərindən);
  • Yumşaq toxuma şişləri;
  • Germ hüceyrə şişləri;
  • Wilmin şişi (böyrək şişi);
  • Retinoblastoma (göz şişi);
  • Bəzi autoimmun xəstəliklər.

 

Uşaqlıq dövründəki leykozların əlamətləri hansılardır?

Bədxassəli hematoloji xəstəliklərdən olan leykoz (qan xərçəngi) uşaqlıq xərçənglərinin ən geniş yayılmışıdır. Leykoz qan hüceyrələrinin funksiyasına və reproduksiyasına təsir göstərir. Sümük iliyində olan kök hüceyrələr yetişərək eritrosit, leykosit və ya trombositlərə çevrilməkdədir. Leykoz, normal qan hüceyrələrinin inkişafını dayandırmaqla anormal tipdəki qan hüceyrələrinin nəzarətsiz çoxalması kimi təyin oluna bilər. Normal qan hüceyrələrinin yaranmaması infeksiya və qanaxma kimi ciddi nəticələrə gətirib çıxarır. Leykoz, digər adıyla sümük iliyi xərçəngi xəstələri iştahasızlıq, çəki itkisi, yüksək temperatur, qidalanmanın pozulması, solğunluq, qanaxma və sümük ağrısı kimi şikayətlərlə həkimə müraciət edirlər. Bundan əlavə, dalaq, qaraciyər ölçüsü, limfa düyünlərinin böyüməsi müşahidə edilə bilər. Xüsusilə, 2 santimetrdən artıq olan limfa düyünlərinə xəstəlik səbəbi kimi baxılır. Diaqnoz  üçün sümük iliyi aspirasiyası və ya biopsiyası üsulları ilə qan və sümük iliyi toxumasından nümunə alınıb analizlər aparılır. Sadə qan hesablanması (sayılması) və qandakı hüceyrələrin mikroskop altında araşdırılması diaqnoz qoymaq üçün, ümumiyyətlə, yetərli sayıla bilməz. Dəqiq diaqnoz yalnız sümük iliyinin müayinəsi ilə aparılır. Leykozun müalicəsi kimyaterapiya dərmanları ilə aparılır. Dərmanlar talassemiya növünə görə fərqlənə bilər. İstifadə ediləcək olan dərmanların növü, dozası, tətbiqedilmə üsulu müalicəni aparan həkim tərəfindən müəyyənləşdirilir. Kimyaterapiyanin müddəti, adətən, 6 aydan 2 ilə qədər dəyişir. Bəzi leykoz xəstələrinin müalicəsində sümük iliyi köçürülməsi ilk seçim yolu olsa da, bəzi xəstələrdə ancaq xəstəlik təkrar edərsə, müraciət edilməsi lazım olan müalicə üsuludur. Uşaqlıq dövründə leykozun müalicəsində uğurlu nəticələrin əldə edilməsi çox yüksəkdir. 1960-cı illərdə təxminən 5%-nin müalicəsi mümkün idisə, hazırda bu xəstəliyin sağalma tempi risk qruplarına əsasən, 90%-dir. Ölkəmizdə də leykozun həm kimyaterapiya, həm də sümük iliyi köçürülməsi ilə müalicəsində əldə edilən uğurlar da müasir ölkələr səviyyəsindədir.

 

Kök hüceyrə köçürülməsi aparılan mərkəzin xüsusiyyətləri nələr olmalıdır?

Kök Hüceyrə Köçürülməsi Şöbəsində xəstələrə xarici mühitdən yoluxa biləcək infeksiyaların qarşısını almaq məqsədi ilə müxtəlif tədbirlər görülməkdədir. Bu tədbirlərə daxildir:

• hər xəstənin otağının girişində, palata ilə dəhliz arasında xüsusi bir bölmə mövcuddur ki, bu bölmədə həm transplantasiya personalı, həm də müşayiətçinin bayırdan gətirə biləcəkləri infeksiyalardan təmizlənmələri təmin edilməkdədir;

• sümük iliyi köçürülməsi aparılan xəstələrə ayrı liftlər verilir;

• Sümük İliyi Köçürülməsi Şöbəsinin yerləşdiyi mərtəbəyə yalnız səlahiyyətli personalın çıxışını təmin edən xüsusi təhlükəsizlik tədbirləri var;

• Memorial Ankara Xəstəxanasının Uşaq Sümük Köçürülməsi Şöbəsi xəstələrin bu prosesin rahat keçməsini təmin etmək üçün nəzərdə tutulmuşdur;

• transplantasiya prosesinin gedişində xəstələrin istədiyi qidalar xüsusi şəraitdə hazırlanır;

• infeksiyalardan qorunmalarını təmin etmək məqsədi ilə sümük iliyi köçürülməsi şöbələrinin hamısında havada olan hissəcikləri təmizləyən hepafiltr sistemləri istifadə edilmişdir.

 

Xəstə üçün ən uyğun kök hüceyrə transplantasiyası hansıdır?

Kök hüceyrə köçürülməsi köçürülmənin əvvəli, köçürülmə zamanı və köçürülmə sonrası olmaq üzrə üç mərhələdən ibarətdir. Hər hansı bir mərhələdə, əsas tələb transplantasiya komandası ilə xəstə yaxınları arasında mütləq əməkdaşlıqdır. Bu əməkdaşlıq qarşılıqlı inam prinsipləri ilə gücləndirilir. Bu səbəbdən transplantasiya komandasına bütün suallar yönəldilməlidir və sual işarəsi yaradan heç bir məsələ qalmamalıdır. Transplantasiya mərhələsində aparılacaq proseduralar və müalicələr xəstədən xəstəyə dəyişir. Transplantasiya komandası hər addım barədə xəstəyə və yaxınlarına məlumat verməlidir. Xəstə üçün ən doğru olan müalicə üsulunu və köçürülmə növünü (autoloq və ya allogenik), istifadə ediləcək kök hüceyrə mənbəyini (sümük iliyi və ya periferik kök hüceyrə və ya göbək ciyəsi qanı), toxuma uyğunlaşması vacibliyini (tam uyğun ailə daxilindəki donor və ya tam uyğun qohum olmayan donor və ya haploidentik köçürülmə kimi) başa salmalıdır. Yaddan çıxarmamaq lazım olan hər xəstənin səciyyəvi xüsusiyyətə malik olduğu və köçürülmə prosesinin bu əsas amillər çərçivəsində aparılmasının vacibliyidir. Transplantasiya komandasının hər bir üzvü köçürməni müvəffəqiyyətlə yerinə yetirilə və başa çatdırıla bilməsi üçün lazımi bilik və avadanlıqlara malik olur.

Bölmə Həkimləri